Marko Jankovic
Marko Jankovic

Qarabağ`ın yeni transferi Marko Jankovic Qol.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

Əvvəlcə Qarabağ`a gəlişinizdən danışaq. Necə oldu ki, Azərbaycan təmsilçisini seçdiniz?

Qarabağ`ı seçməyimin səbəbi çox sadədir. Çünki Qarabağ məni ən çox heyətində görmək istəyən komanda idi. Klub konkret idi. Qarabağ tez bir zamanda münasibətləri rəsmiləşdirməyi və təlim-məşq toplanışına qatılmağımı istəyirdi. “Qarabağ” sırf mənim istədiyim kriteriyalara cavab verən komandadır. Mən həmişə titullar uğrunda mübarizə aparan klublarda oynamışam. “Hapoel”dən sonra yenidən avrokuboklara ciddi yanaşan komandanın şərəfini qorumaq istəyirdim. Belə bir imkan yarandı. Mən də dərhal razılaşdım. Çünki bu seçim ürəyimcə idi. Həm də Qarabağ müntəzəm olaraq daxili yarışlarda da titullar qazanır, öz ölkəsinin çempionudur.

Başqa təklifləriniz var idi? 

Bəli. Monteneqro millisində çox yaxşı oyunlar keçirdim. Yığmamız yaxşı nəticələr göstərir. Millətlər Liqasındakı oyunlarımızdan sonra da mənə çoxlu təkliflər göndərilmişdi. Fərqli-fərqli komandalardan zənglər gəlirdi. Mən gözləyə, bütün təklifləri ayrı-ayrılıqda nəzərdən keçirə bilərdim. Amma bunu etmədim. Çünki Qarabağ elə mənim olmaq istədiyim komandadır. Bu transferi karyeramda irəliyə atılmış addım sayıram.

Artıq 1 həftədir ki, “Qarabağ”dasınız. Klub sizdə hansı təəssüratı yaradıb? Özünüzü burada necə hiss edirsiniz?

Həqiqətən də əla kollektiv, atmosfer var. İlk gündən o istiliyi hiss etdim. Mənə çox yaxşı münasibət göstərirlər. Qətiyyən özümü yad bir yerdəki kimi hiss etmirəm. İstər məşqçi heyəti, istər texniki heyət, istərsə də futbolçular – hər kəs mənə çox yaxşı münasibət göstərir. Yəni, çətinlik çəkmirəm. Təbii ki, bütün futbolçuları tanımaq üçün zamana ehtiyacım olacaq. Oyun tərzinə tam alışmaq üçün vaxt lazımdır. Bu da çoxlu məşq etməklə, oynamaqla yoluna düşəcək. Ümid edirəm ki, hər şey tez bir zamanda yaxşı olacaq.

Monteneqro millisindəki komanda yoldaşınız Marko Vesovic də burada a oynayır …

Onun burada olması mənim üçün xüsusi bir üstünlükdür. Komandanı dəyişən zaman tanıdığın bir futbolçunun həmin klubda oynaması çox yaxşıdır. Çünki yeni klub, oyun tərzi haqqında köhnə komanda yoldaşın sənə məlumat verir, bildirir. Bu, çox böyük kömək və dəstəkdir.

Ümumiyyətlə, daha əvvəl Vesovic`dən Azərbaycan və Qarabağ haqqında məlumat almışdınız?

Biz milli komandanın düşərgəsinə toplananda hər kəs öz klubundan danışır. Ümumi söhbət edirik. Markodan əlavə əvvəllər də burada oynamış bir neçə futbolçunu tanıyırdım. Hamı Qarabağ haqqında ancaq xoş sözlər deyirdi. Bu da mənim seçimimi daha da asanlaşdırdı. Ümumiyyətlə, hər hansı bir klub haqqında kifayət qədər məlumatın olanda səhv seçim etmək şansın qalmır.

Bu halda yəqin ki, klubun avrokuboklardakı çıxışları barədə də məlumatınız var …

Bəli. Mən avrokubokları izləməyi sevirəm. Qarabağ da son illər daim Avropa yarışlarında oynayır. Bilirəm ki, hər il avrokubokların qrup məhələsində oynayıb. Qarabağ iddialı komandadır.

Marko, müxtəlif ölkələrin klublarında çıxış etmisiniz – məsələn, Serbiya, Yunanıstan, Sloveniya, İtaliya, İsrail. Sizcə, belə ölkələrdə oynayandan sonra Azərbaycan Premyer Liqasında çıxış etmək sizin üçün rahat olacaq?

Bəli, bir çox klublarda oynamışam. Amma düşünmürəm ki, burada oynamaq mənim üçün asan olacaq. Çünki bu komandadan həmişə böyük nəticə gözləyirlər. “Qarabağ”ın heç bir oyuna rahat çıxmaq imkanı yoxdur. Çünki belə komandalardan qələbə gözlənilir. Elə “Qarabağ”ı seçməyimin də əsas səbəblərindən biri budur. Mən karyeram boyu bu tip komandalarda oynamışam. Məsələn, Olympiacos, Partizan, Maribor və başqaları. O klublardan da həmişə gözləntilər böyük olub. Əlimdən gələni edəcəyəm. Növbəm gəldiyində, şans veriləndə təcrübəmi, bacarığımı göstərməyə çalışacağam.

Baş məşqçi Qurban Qurbanovla söhbətiniz olub? Onun sizdən tələbləri nələrdir?

Bəli. Mən onun hər dediyinə diqqətlə qulaq asıram. Belə şeylər vacibdir. Xətlərarası əlaqə, oyun tərzi… Ümumiyyətlə, düşünürəm ki, mənim çox vaxtım getməyəcək. Çünki Qarabağ`ın oyun tərzi əvvəllər çıxış etdiyim komandaların oyun tərzinə bənzəyir.

Mövsümün ilk oyununu Çempionlar Liqasında Lech`ə qarşı keçirəcəksiniz. Nə düşünürsünüz, gözləntiləriniz necədir?

Lech Polşa çempionudur. Bu ölkənin çempionatı heç də asan bir yarış deyil. Biz də məhz həmin liqanın çempionu ilə oynayacağıq. İlk oyunumuz səfərdədir. Əlimizdən gələni edəcəyik ki, evə sərfəli nəticə ilə qayıdaq. Ümumiyyətlə, avrokubokların bütün təsnifat mərhələlərindəki matçlar çətin keçir. Bu oyun da istisna olmayacaq. Açıq şəkildə deyə bilərəm ki, bizi çətin oyun gözləyir. Bu matçlara tam hazır olmaq istəyirik.