Michal Bilek
Michal Bilek

Avrokuboklardakı təmsilçimiz Qarabağ UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşdığı Viktoria Plzen ilə ilk görüşdə 0:0 hesablı heç-heçə edib.

ONBİR Çexiya klubunun baş məşqçisi Michal Bilek`in oyundan sonrakı açıqlamalarını Apasport`a istinadən təqdim edir:

“Biz açıq futbol sərgiləsəydik, oyun daha sürətli və qaynar keçərdi. Ancaq əsas məqsədimiz müdafiədən oynamaq, əks-hücumlar qurmaq idi”.

– Nəticə sizi qane etdi?
– Nəticədən razıyıq. Çünki ölkəmizdə bu rəqiblə daha ağır oyun gözləyir. Həmin matça xüsusi hazırlaşacağıq. Qarabağ kifayət qədər güclü komandadır. Çünki 3 güclü rəqibini mübarizədən kənarlaşdırıb. Şanslarımız da oldu. Qapı və müdafiə xəttimiz çox yaxşı idi. Düşünürəm ki, bizim qalib gəlmək şansımız daha çox idi.

– Futbolçularınız aqressiv idi və kapitanınız da sarı vərəqə alaraq cəzalı duruma düşdü. Bu barədə nə deyə bilərsiniz?
– Düşünmürəm ki, aqressiv idik. Əsas səbəb o ola bilər ki, hücuma atılmaqda tələsirdik. Bunun təsiri ola bilər. Amma heç bir aqressiya göstərmədən oynadıq. Kapitanımız növbəti matçı buraxacaq. Amma onsuz da yaxşı oyun göstərmək iqtidarındayıq.

– Qapıçınızın çıxışını necə qiymətləndirirsiniz?
– Qapıçımız özünəməxsus oyun sərgilədi. O, Çexiyanın ən yaxşı qapıçılarındandır. İnanıram ki, qolkiperimiz Plzendəki görüşdə də yüksək formasında olacaq.

– Qarabağ – Viktoria, yoxsa Qarabağ – qapıçı görüşü 0:0 nəticələndi?
– 0:0 ədalətli nəticədir. Hər iki komandanın şanslarını bərabər görürəm.

– Azərbaycanlı azarkeşlər sanki özlərini aqressiv göstərirdilər. Oyunçularınız hətta məşq edəndə də onlara təzyiq edirdilər. Bu barədə nə deyə bilərsiniz?
– Düşünmürəm ki, bizə qarşı aqressiv idilər. Əksinə, oyun çox gözəl atmosferdə keçdi. Ölkəmizdəki matçda da öz azarkeşlərimizdən bu cür atmosfer gözləyirəm.

– 6 il əvvəl Qarabağ`ı səfər qolu sayəsində üstələdiniz. Çexiyadakı cavab görüşündə mərhələ adlamaq üçün sizə hansı amil kömək ola bilər?
– Əsas amillərdən biri ilk görüşdəki kimi qapının etibarlı şəkildə qorunması olacaq.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.