Trent
Trent

Dünənki oyun vaxtı bir neçə dəfə Alexander-Arnold haqda yazmaq istədim, amma matçı izləməyi daha üstün tutdum. Bu gün baxıram ki, Karrager yazmaq istədiklərimi dilə gətirib.

Trent son 1 ildə çox pis çöküşdədir. Sırf müdafiə fazasında onsuz da heç vaxt top-futbolçu olmayıb, Liverpool`un oyun üslubu zəif yerlərini sığortalayıb. Ancaq yenə də indiki kimi az qala hər böyük matçda cinahında çıxış edən rəqib(lər) başına belə oyun açmırdılar. Üstəlik, artıq hücumda da əvvəlki kimi ötürmələr verə bilmir. Dünənki ardıcıl bir neçə cinah asması konkret fiasko idi, hətta komanda yoldaşları da ona əsəbiləşdi.

Carragher bu mövzuda haqlıdır. Məncə də problem ardıcıl neçə mövsümdür Liverpool`da Alexander-Arnold`un rəqibinin yoxluğu və formasından asılı olmayaraq, hər həftə meydana çıxmasındadır.

Jamie Carragher: “Alexander-Arnold`un oyunu çox ciddi narahatlıq doğurur. Liverpool üçün mövsümün necə keçdiyini və Trentin müdafiədəki çoxsaylı səhvlərini nəzərə alsaq, belə davam edə bilməz.

Problem ondadır ki, onun heç vaxt layiqli rəqibi olmayıb. O qədər yaxşı çıxış edib ki, klub “Kimi transfer edək? Hər həftə ehtiyatda oturan futbolçu üçün nə qədər pul xərcləyək?”, – deyə düşünüb.

Fikrimcə, Liverpool`un sağ cinah müdafiəçisini almalı olduğunu an gəlib. Bu oğlana ciddi rəqabət lazımdır. 5 il ərzində top-səviyyədə çıxış edib. Hər mövsüm, hər həftə, istirahət etmək imkanı olmadan oynayıb.

Trent mümkün bütün titulları qazanıb, inanılmaz oynayıb, arzulaya biləcəyim hər şeyə nail olub. Onunla fəxr edirəm, axı yerli akademiyadan çıxıb. Həmişə onu müdafiə etmişəm, çünki dünyanın ən yaxşı komandalarından birində çıxış edir. Ancaq indi ona kömək lazımdır. Mövsümün sonunda necə sağ cinah müdafiəçisi olduğu haqda düşünməlidir”.

RƏŞAD

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.