Ramin Musayev
Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Report.az`a verdiyi müsahibəni təqdim edirik:

– Premyer Liqada azarkeş məhdudiyyəti ilə bağlı qərar qarşıdakı turlarda aradan qaldırıla bilərmi, yoxsa stadionların tutumunun 50 faizi qədər fanatlar matçlara buraxılacaq?
– Bu gün növbəti turdan azarkeşlərlə bağlı azadlıq olacaq” deyərəm, düz çıxmaz. İddiaya görə, pandemiyanın 5-ci dalğası gəlir. Başa düşürəm, futbol azarkeşlər üçün oynanılır. Tərəfdar olmayanda elə bil “dır-dır” oynayırsan, maraq da olmur.

– Əvvəl belə qayda var idi ki, klublar bilet gəlirlərinin 5 faizini AFFA-ya verirdilər. Bunu yenidən tətbiq etmək olarmı?
– Təki azarkeşlər stadiona gəlsin. Maliyyə axırıncı məsələdir. Biz mübarizə aparmalıyıq ki, fanatlar stadionlara gəlsinlər. Mən bilet satılmasının əleyhinəyəm. Bu, ilk gündən satılmalıdır. Artıq gecdir.

– Son vaxtlar çempionatdakı legioner limiti də müzakirə mövzusu olub. Baş məşqçilər müxtəlif fikirlər səsləndirirlər. Sizcə, növbəti mövsüm limitlə bağlı dəyişikliyə ehtiyac varmı?

– Artıq çempionat başlayıb. Mövsümün ortasında reqlament dəyişməyəcək. Bu, oyuncaq deyil. Gələn mövsüm ərəfəsində bütün klublarla oturar, müzakirə edərik. Amma bir şey var, hansı klub uşaq futbolunda zəifdirsə, o da limitlə bağlı problem yaşayır. Olmazmı legioner limiti ilə bağlı danışan adamlar klubunda uşaq futbolu ilə maraqlansın və bunu inkişaf etdirsin?

– Çempionatdakı U-21 limiti ilə bağlı tənqidi fikirlər səsləndirilir. Azərbaycanın U-21 yığmasının baş məşqçisi Milan Obradoviç isə bu limitin 1 oyunçudan 2 oyunçuya qaldırılmasının tərəfdarı olduğunu bildirib. Bu limit var, amma yığma yenə də istənilən nəticəni vermir …

– Obradoviç düz deyir. Bilirsiniz niyə? Çünki komandalar həmin futbolçuları məcbur oynadırlar. Biz 8 komandaya deyə bilmərik ki, həmin futbolçu hansısa mövqenin oyunçusu olsun. U-21 yığmamız hazırda bu gündədir, çünki əvəzedicilərin çempionatında artıra bilmirlər, orada nəzarət edən yoxdur. I Divizionda komandalar bilirsinizmi ki, necə oynayırlar? Vaxt aparırlar. Çünki hansısa klubun rəhbəri gəlib oyunu izləmir. Klub prezidenti oturub restoranda, komanda isə oyundadır. Futbolçu tayfasının başının üstündə yumruq olmasa, oynamayacaq. 10 nəfərdən biri və ya ikisi öz gələcəyi naminə oynayar. Amma onun üstündə nəzarət olmasa, oynamayacaq. Həmin U-21-in oyunçuları harada oynayır? I Divizionda. Bunları kim izləyir? Heç kim. Sağ olsunlar PFL-in işçiləri. Oyunları çəkirlər, sayta qoyurlar. Canlı yayım veririk, kifayət qədər də baxış var. Amma klub rəhbərləri baxmırlar, oyunlarda iştirak etmirlər. 

– Növbəti mövsümdən belə dəyişiklik ola bilərmi?
– O məsələni qaldırmaq lazımdır. Ümid edirik ki, Premyer Liqada və I Divizionda komanda sayı artar. I Divizionda 10-12 komanda olsa, əvəzedici heyəti ayırarıq. Bu gün əvəzediciləri məcbur I Diviziona birləşdirmişik ki, say düzəlsin. Amma bölgələrdə Divizion komandalarının sayı artsa, çempionatlar ayrılacaq. Region Liqasında çıxış edən bəzi klublar I Divizionda oynamaq istədiklərini bildirib. “Zəngilan” klubu var ki, onun rəhbəri cavandır. Ailəsinə apardığı puldan kəsir və komanda saxlayır. Bizneslə məşğuldur, yeni tanış olmuşuq. Baxırsan ki, vətənpərvərdir və futbolu sevir. Elə insanlara dayaq olmalı və kömək etməliyik. Edəcəyik də.

– Premyer Liqada da komanda sayının artması gündəmdədir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın rəsmi saytına yeni strategiyaları ilə bağlı qısa açıqlama da verib …

– Rövnəq Abdullayev və Elxan Məmmədovun ən böyük istəyi komanda sayının artmasıdır. Hər mövsüm bu sayın artmasını istəyirik. Lakin vəziyyət elə gətirir ki, artırmaq olmur. Düşünürəm ki, artıq məqamıdir. Növbəti il 10 komanda edə bilsək, yaxşı olar. Bölgələrimizdə stadionlar boş qalıb. Deyəndə inciyirlər, bir komandanı saxlamaq eləmi çətindir? Cavan uşaqları idmana bağlamaq çətindirmi? İstək olmalıdır. 

– I Divizionda bölgənin 3 təmsilçisi var. Kəpəz, Turan Tovuz və Zaqatala`dan hansı ikisinin Premyer Liqada iştirakını daha real görürsünüz?
Zaqalata da çox gözəl oyun nümayiş etdirir. Gəncə təmsilçisi də pis oynamır. Tovuzdakılar isə futbolçu kimi yaranıblar. Məndən olsa, Premyer Liqaya 4 komanda buraxaram.

– 4-cü hansı komanda olacaq?

– O qədər komandamız var ki …

– Bəs Cənub bölgəsindən hansısa klubun növbəti mövsümdən I Divizionda iştirakı mümkündürmü?
– Niyə də yox?! Təki sponsor olsun. Cənubdakı azarkeşlərdən harada var? Heç bir yerdə.

– Milli komanda ilə bağlı da fikirlərinizi almaq istərdik …

– Nə danışım?

– Sizcə, nəticə qazana bilməməyimizin əsas səbəbi nədir?

– Əsas səbəbi özümüzük. Kim istəyir məni söysün, döysün, öldürsün, sözümü deyəcəyəm. Mən baş məşqçini günahkar bilmirəm. Günah özümüzdədir, 8 komandadır və onlarla birlikdə günah məndədir. Hamı elə düşünür ki, mən Elxan Məmmədovu, Rövnəq Abdullayevi və baş məşqçi Canni De Byazini müdafiə edirəm. Xeyr. Mən haqqı deyirəm. Mənə yığmada mərkəz müdafiəçisi və sırf hücumçu göstərin. Müdafiədə Bədavi Hüseynov zədələnib, onu əvəz etməyə kimi layiq görürsünüz? Hücümda kimi görürsünüz? Bir dənə Mahir Emrelidir. O da gah xəstələnir, gah belə, gah da elə olur. Biz baş məşqçiyə problem yarada bilmirik. Bilirsiniz nə problemi? O, seçim qarşısında tər töksün, fikirləşsin ki, bunumu gətirim və ya başqasını? Bu yazıq futbolçunu məcbur götürür ki, say düzəlsin. Yalan deyirəmsə, deyin ki, yalan deyirsən. Qapıçımız Şahruddin Məhəmmədəliyevdir. Emil Balayev də əvvəl qapıda pis durmazdı. Axı o, öz komandasında qapıda dayanmır. Deməli, Emil Balayev başqa komandaya verilməli idi ki, orada oynasın. Millini düşünən belə etməli idi. Balayev mütəmadi oynamalıdır ki, praktikası olsun. Dünyanın ən məşhur futbolçusu bir ay futbol oynamasa, ona iki ay məşq lazımdır. Biz fikirləşirik ki, baş məşqçi heç nə etmir. Məsələn, gəlmisən evə, evdə bir tikə ət yoxdur. Qışqırırsan ki, arvad, mənə ətli xəngəl və ya dolma bişir. Bu, necə bişirsin? Bazarlıq elə gətir, bişirsin də… İndi biz oyunçular verək ki, baş məşqçidən tələb edək.

– Seçmə mərhələdəki bu nəticəni yerli baş məşqçi ilə qazanmaq olmazdı?
– İstər De Biasi olsun, istərsə də yerli baş məşqçi, eyni nəticəni verəcəkdik. Çünki yetərincə yerli futbolçumuz yoxdur. Klubların baş məşqçiləri məndən incisələr də, sözümü deyəcəyəm. Hər kəs komandasını düşünür. Millini fikirləşən yoxdur. Hamı da Elxan Məmmədovu günahlandırır. Elə deyil. Mən Elxan Məmmədovun vəkili deyiləm, haqqın vəkiliyəm və haqqı deyirəm. Millini düşünən insan komandasında milli üçün oyunçu yetişdirməli və bunu tələb etməlidir, filankəsi oynamağa məcbur etməlidir. Biz komanda yaranan kimi deyirik ki, sən çempion olmalı və avrokuboka vəsiqə qazanmalısan. 3-4 il vəsiqə qazanmasın, köklü komanda yaratsın, sonra Qarabağ kimi nəticələr gələcək. Neftçi`nin ardıcıl çempion olduğu vaxtları var idi. Çünki bünövrəsi var idi. Bünövrə qurtardı, komanda yenə çökdü. Təzədən indi bir az düzəldiblər. Yeni bünövrəni indi yaradırlar. Yaxın 1-2 ilə Neftçi artıq tam oturuşmuş komanda olacaq.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.