Romain Basque
Romain Basque

Neftçi`nin yeni transferi Romain Basque kluba keçid prosesini dəyərləndirib.

ONBİR fransız oyunçunun açıqlamlarını təqdim edir:

Havre`dan getməyi planlaşdırmırdım. Hətta ötən mövsüm yeni müqavilə barəsində razılığa gəlmişdik. Lakin daha sonra baş direktor mənə dedi ki, maliyyə problemlərinə görə bir az gözləməliyik. Sonra isə xəbər çıxmadı. Məşqlər bərpa olunanda başa düşdüm ki, artıq bu danışıq aktual deyil və müqavilə yenilənməyəcək.

Ötən mövsüm İtaliyanın Chievo klubu ilə danışığımız oldu. Amma yekunda konkret bir şey olmadı. Neftçi rəhbərliyi əvvəlcə agentim, ardınca isə mənimlə əlaqə saxladı. Onlar mənə öz layihələrini təqdim etdilər, klubun yaxşı infrastruktura malik olduğunu və bu mövsüm Çempionlar Liqasında pley-offa çıxmaq istədiklərini bildirdilər. Bir az düşünmək lazım gəlsə də, təklif cəlbedici idi. Avropanın o biri ucuna ani qərarla getmirik. Bu barədə ailəmlə çox danışdım, orada oynayan futbolçulardan da məlumat aldım. Sonda bu fürsəti qaçırmamalı olduğum qənaətinə gəldim.

Təqdimatdan sonra Neftçi üçün vacib transfer olduğumu anladım. Artıq mənzillə təmin olunmuşam. Mənə ən yaxşı şəraiti yaratmaq üçün hər şeyi etdilər. Azarkeşlərdən xeyli sayda xoş mesajlar aldım. Bunun qarşılığını meydanda verməkdən məmnun olacağam.

Klubun infrastrukturu məni yaxşı mənada təəccübləndirdi. Burada yaxşı işləmək üçün hər şey var: nahar və şam etdiyimiz yeməkxana, məşq arası dincəlmək üçün otaqlar. Müasir təlim-məşq bazası da inşa edilir. Açığı, bu cür şəraitlə qarşılaşacağımı gözləmirdim.

Çoxları mənim bu klubla müqavilə bağlamağımı maddi səbəblərlə əlaqələndirir. Amma belə deyil. Pulu düşünsəydim, başqa seçim edərdim. Əlbəttə, Havre`dakından daha yaxşı qazanıram. Amma astronomik məbləğ deyil. Müqavilə Fransadakı kimi deyil. Burada liqanı çempion kimi başa vurub-vurmamağımızdan, kuboku qazanıb-qazanmamağımızdan asılı olaraq bonuslar verilir. Müvəqqəti avtomobil veriblər. Məsələn, Fransada belə şey yox idi”.

(Report)

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.