
Roma bu mövsüm Serie A-da 10 oyunda qapısını toxunulmaz saxlayıb və bu göstəriciyə görə yalnız Lazio (16), Juventus (15) və Napoli`dən (14) geri qalır.
Buna baxmayaraq, yenə də fikrimdə qalıram ki, komandanın müdafiə triosu fərdi cəhətdən zəifdir. Manchini – Smalling – Ibanez “üçlüy”ü ilə ciddi hədəflər uğrunda mübarizə aparmaq olmaz. Onların zəif tərəflərini sığortalayan isə ilk növbədə Roma`nın sistemidir.
Təsadüfi deyil ki, “canavarlar” geridə qalan 27 turda cəmi 35 qol vurub. Bu, böyük hədəfləri olan komanda üçün çox aşağı məhsuldarlıqdır. Xüsusən də lider Napoli`nin futbolçularının artıq 64 dəfə rəqib qapılarına yol tapdığını və ilk “8-lik”də olan bütün kollektivlərin Roma`dan çox qol vurduğunu nəzərə alsaq. Bu da birbaşa elə müdafiənin lazımi qədər etibarlı olmaması ilə bağlı olan məsələdir. Orta xətt onlara daha çox kömək etməyə məcbur qalır.
Manchini – Smalling – Ibanez triosunun çatışmazlıqlarını az görməyimizin ikinci səbəbi isə çempionatın xüsusiliyidir. Mourinho`ya görə Roma`nın uğurlarını istəyirəm, amma yaxşı ki, komanda hələlik Çempionlar Liqasında oynamır. Bu müdafiə “üçlüy”ü Serie A, Avropa və Konfrans Liqaları üçün müəyyən mənada işə yarayar. Çempionlar Liqasının pley-offunda isə böyük klublar Roma`ya şans verməzlər, hətta darmadağın edərlər. Arxa xətti mütləq şəkildə gücləndirmək tələb olunur.
RƏŞAD