Mirca Rednik
Mirca Rednik

Xəzər Lənkəran`ın sabiq baş məşqçisi Mirca Rednik Sportinfo saytına müsahibə verib.

ONBİR həmin müsahibənin bəzi hissələrini təqdim edir:

– Kamran o dönəmdə Azərbaycanda böyük ad sahibi idi. Səviyyəli qapıçı idi, millinin əvəzolunmaz futbolçusu sayılırdı və ən əsası, klubun prezidenti Mais Mənsimovla çox yaxşı münasibəti vardı. Avstriya toplanışında aramızda müəyyən mübahisə yarandı və bundan sonra komandanın yerli futbolçularında özümə qarşı soyuqlu hiss etməyə başladım.

– Nə üstündə düşdü mübahisə?

– Mübahisə də deməzdim. Sadəcə, nəsə Kamranın xoşuna gəlməmişdi və buna görə anlaşılmazlıq yaranmışdı. Futbolda olan şeylərdir. Futbolçularla məşqçilər arasında o qədər söz-söhbət olub ki… Mənə ən çox təsir edən rəhbərlikdən özümə qarşı gördüyüm münasibət oldu.

– Komandadan uzaqlaşdırılmağınız?

– Eynən. O cür komanda formalaşdırmışdıq, kubok qazanmışdıq, 2-ci pillədə gedirdik, gözləmədiyim anda Mais Mənsimov mənə qapını göstərdi. Halbuki, bu cür hallarda klubdakı əsas söz sahibləri məşqçinin yanında olur, ən pis halda vəziyyəti sabitləşdirməyə çalışır. Bu şey Qarabağ`da olsaydı, orada futbolçunu göndərib, Qurban Qurbanovu saxlayardılar. Məni yola salıb Mustafa Denizli`ni gətirdilər. Məndən 10 qat artıq pul verdilər ona. Nəticə olaraq heç nə vermədi və getdi.

-“Xəzər Lənkəran”dakı maaşınızın məbləği çox böyük idi, yoxsa çox-çox böyük?

– Çox-çox böyük Mustafa Denizlidə idi, məndə normal idi (gülür).

– İllik 300 min dollar alırdınız səhv etmirəmsə.

– Təxminən elə. 250-300 min dollar arası. Məndən sonra Denizli gəlib, nəticə yox, ilinə 2 milyon qazandı (gülür).

– Azərbaycanda çalışmaq həvəsinizi gizlətmirsiniz. Amma indi həmin 250-300 minlər yoxdur.

– Lənkəran futboluna və lənkəranlı azarkeşlərə görə 1 il pulsuz işləyərəm. Öz işimi, əməyimi, zəhmətimi onlara üçün hədiyyə edərəm. Başqa klublarla maaş söhbəti edərəm, amma Lənkəran klubu ilə yox.

– Bu dərəcədə böyük sevgi?

– Mən dediyim sözün ağasıyam. Mənim böyük biznesim var. İndiyə qədər Rumıniyada və Belçikada kifayət qədər pul qazanıb, özüm və övladlarım üçün lazım olan şəraiti qurmuşam. Bu gün istədiyim tək şey sevildiyim yerdə sevdiyim işlə məşğul olmaqdır. Nəticə qazanmaq, 100 minlərlə azarkeşləri sevindirmək istəyirəm. Bilsəm ki, Lənkəranın komandasının Premyer Liqaya yüksəlmək şansı və imkanı var, günü sabah Azərbaycana uçub, işimə başlayaram.