
Neftçi`nin baş məşqçisi Samir Abasov Türkiyənin Antalya bölgəsində Polşanın Lecna klubuna 1:0 hesabı ilə qalib gəldikləri sonuncu yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlama verib.
ONBİR həmin açıqlamanı qol.az saytına istinadən təqdim edir:
“Təlim-məşq toplanışının müsbət və mənfi tərəfləri oldu. Uşaqları işləməsi, meydandakı hərəkətləri bizi qane etdi. Kənardan bəziləri üçün görünməsə də, komandamızda inkişaf var. Bu gün sistemi dəyişib ona uyğunlaşmaq asan deyil. Təcrübəli futbolçularımız çox olsa da, hər sistemin öz tələbi var.
Azər Salahlını orta xəttə çəkməkdə fikrim onu orada yoxlamaq deyildi. Stankoviçə istirahət vermək istəyirdik. Eddi İsrafilovun komandaya daha yaxşı adaptasiya olması üçün ona hər 3 görüşdə şans verdim. Təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurmaq yaxşı haldır.Futbolçular da buna görə sevinclidir. Amma indi bu amilə çox da fikir vermirik. Oyunçuların hamısı hazır deyil. Məsələn, Bezerra, Machado və Meza Colli komanda ilə az məşq edib. Ümumi götürsək, fiziki durumumuz yaxşıdır.
Gənc futbolçuların meydanda özlərini aparmalarından razı qaldım. Çox sərbəst və rahat idilər. Düzdür, təcrübəlilərin də onlara köməyi dəydi. Bu, böyük üstünlükdür. Amma çatışmazlıqları da çoxdur.
Hər zaman düzünü deməyə çalışmışam. Qarabağ kimi komanda ilə aramızdakı 11 xal çox böyük fərqdir. Amma heç vaxt əlimizi yanımıza salmayacağıq. Son oyunadək vuruşacağıq”.