Milan Obradovic
Milan Obradovic

U-21 millimizdən ayrılan Milan Obradovic əsas yığmanın baş məşqçisi Gianni de Biasi haqda narazı fikirlər səsləndirib.

ONBİR serb çalışdırıcının “Futbol+” qəzetinə verdiyi müsahibədəki açıqlamalarını təqdim edir:

“Nəticə qazanmaq işimin bir hissəsidir. Yəni ancaq qələbə qazanmaq haqda düşünmürdüm. Gənc futbolçuların yetişdirilməsi əsas məqsədim idi. Əsas yığma üçün onlar mənim rəhbərliyim altında təcrübə yığmalıydılar. İndi gəlin baxaq! Görək nə qədər futbolçu əsas yığmaya dəvət alıb. Hamısı bizim üçün vacib oyunçular olub. Maraqlı məqam burda idi ki, bir çoxları lazımsız yerə əsas yığmaya çağrılıblar. Yəni oynadılmayıblar.

Mən xoşbəxtəm ki, Cəlal yığmanın üç oyununda meydanda oldu. Lakin Toral lazım deyildisə, nə üçün əsas yığmanın düşərgəsinə yollanırdı? O futbolçunun potensialından istifadə edə bilərdim. Rüstəm Əhmədzadə fantastik oyunçudur, son üç oyunda səviyyəsini göstərmiş oldu. Lakin bundan əvvəlki toplanışda əsas yığmaya lazım olduğu deyilsə də, heç oynadılmadı. Nə üçün?

Belə şeylər nəticə qazanmağıma mane olur. Təbii ki, nəticə qazanmağı hamı istəyir. Mən də onlardan biri. Lakin əsas heyət üzvləri milli komandaya gedirsə, necə nəticə əldə edəsən?! Hansı ki, həmin adamlardan istifadə olunmur. Hər dəfə bunun səbəbini soruşmuşam, AFFA rəhbərliyinə narazılığımı bildirmişəm. Hətta əsas yığmanın baş məşqçisindən soruşmuşam ki, nə üçün belə edirsən? Həmişə deyib ki, onlara ehtiyacım var. Bəs niyə meydana çıxmırlar? Onları başqa ölkələrə əsas milli ilə birgə azarkeş kimi aparırdılar? Hansı daha yaxşıdı – U-21-in heyətində meydanda olmaq, yoxsa milli komandanın görüşünə ehtiyat oyunçular skamyasından tamaşa etmək?

Peşəkar futbolçunu “milliləşdirmək” olur. Gənc oyunçunu isə yetişdirməlisən. Akademiyalarla birgə çalışmalısan. Onlara nəzarət etməlisən. Gəncləri həm texniki, həm taktiki, həm də psixoloji cəhətdən hazırlamalısan ki, inkişaf etsinlər. Amma ölkədə tək-tük akademiya normal fəaliyyət göstərir. Bu halda gənc futbolçuların yetişdirilməsi də çətindi, nəticə vermək də.

Açığı, millidə işimi davam etdirsəydim, çox çətin olacaqdı. Çünki Premyer Liqada 21 yaşadək futbolçu limiti ləğv olundu. Əvvəllər çempionatda çıxış edən hər komandada bir futbolçum var idisə, indi onları itirəcəkdim. Bəzi insanların istəyi ilə limitin dəyişdirilməsi o qədər də doğru deyil. Başa düşürəm, klublar bunu tələb edib. Bunda problem yoxdur. O zaman yığmanın inkişafı üçün nələrsə edilməliydi. Məsələn, 21 və 19 yaşlı futbolçulardan ibarət komanda yaradıb, Premyer Liqada oynatmaq olardı. Bu komanda 1-ci divizionda da çıxış edə bilərdi. Çempionatın fərqi yoxdur. Amma bu futbolçular hər gün bir yerdə məşq edəcək, bir-birinə uyğunlaşacaqdı. Bunu uyğun da yaxşı nəticələrimiz olacaqdı. Hansı ki, Sumqayıt bu addımı atmışdı. Onlar ancaq azərbaycanlı futbolçulardan ibarət komanda qurmuşdu. Belə bir klub formalaşdırmaq asan idi. Bu həm mənim, həm federasiyanın, həm də Azərbaycan futbolunun xeyrinə olacaqdı.

Gəlin, səmimi olaq. Yeni qərara görə 4 yerli futbolçu əsas heyətdə oynamalıdır. Hansı klub 21 yaşadək futbolçunun əsas komandada oynamasına icazə verəcək? Əminliklə deyə bilərəm ki, heç kim. Gülməli durumdur. Bilirsiz, AFFA klublardan daim xahiş edir ki, gənc futbolçulara şərait yaradın. Hansı klub limitdən başqa 21 yaşadək oyunçunu meydana öz istəyi ilə buraxıb? Mənim olduğum dönəmdə belə şeylərlə mübarizə aparırdıq. Kimsə baş məşqçilərin gənc futbolçulara şans verəcəyinə inanmağımı gözləməsin.Bir-iki oyunda uduzandan sonra azarkeşlər ondan nəticə tələb edəcək. Baş məşqçi də məcbur olub, gənc futbolçunun yerinə təcrübəlini oynadacaq. Bu durum olduqca sadədir”.