Rəşad Sadıqov & Qurban Qurbanov
Rəşad Sadıqov & Qurban Qurbanov

Zirə`yə penaltilər seriyasında qalib gələn Qarabağ Azərbaycan Kubokunun sahibi olub.

ONBİR hər iki komandanın baş məşqçilərinin açıqlamalarını təqdim edir:

Qurban Qurbanov (Qarabağ): “Rəşadı və komandasını təbrik edirəm. Çox yaxşı mövsüm keçirdilər və layiqli final oyunu göstərdilər. Bütün incəliklərə qədər oyuna hazırlaşmışdılar. Başda rəhbərlik olmaqla bütün klubumuzu təbrik edirəm. Azarkeşləri təbrik edirəm.

Belə final oyunları futbolçuların böyüməsi üçün faydalıdır. Həm çempionat, həm kubokda iddialı olmuşuq. İnşallah, bundan əl çəkməyəcəyik. 5 il sonra “qızıl dubl” etmək çox xoşdur. Azərbaycan kuboku başqa bir prestijdir. Hər bir futbolçu bunu əldə etmək istəyir”.

Rəşad Sadıqov (Zirə): “Finala layiq oyun oldu. Oyunun qırılma nöqtəsi rəqibin qapıçısı Şahruddin Məhəmmədəliyevin qurtarışı idi. “Qarabağ”a qarşı matçda 1:0 hesabı təhlükəlidir. İkinci hissədə rəqibin təzyiqi artıracağını bilirdik. Qol buraxanda azlıqda idik. Məhz Zubirə qarşı oynayan Qismət meydanda deyildi və o, möhtəşəm qol vurdu. Bundan sonra rəqib daha rahat oynadı. Futbolçularımla fəxr edirəm. Sona kimi döyüşdülər. “Qarabağ”ı təbrik edirəm. Layiqli “qızıl dubl” etdilər. Bu oyun bizim üçün böyük bir dərs oldu. Anladıq ki, böyük komandalara qarşı, finallarda da oynaya bilərik”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.