Gianni de Biasi
Gianni de Biasi

Millimiz Dünya çempionatının seçmə mərhələsində doğma meydanda qəbul etdiyi İrlandiya yığmasına 3 cavabsız qolla məğlub olub.

ONBİR yığmamızın baş məşqçisi Gianni de Biasi`nin görüşdən sonra təşkil edilən mətbuat konfransındakı fikirlərini AFFA-nın rəsmi saytına istinadən təqdim edir:

“Oyuna fərqli formada hazırlaşmışdıq. Erkən qol buraxmağımız planlarımızı pozdu, komandanı əsəbiləşdirdi. Bundan sonra gərəksiz geri ötürmələr etdik. İlk hissənin statistikasına baxsaq, üstünlük bizim tərəfimizdə idi. Fasilədən sonra da yaxşı qol imkanlarımız oldu. Təbii ki, əvəzetmələrdən sonra balans pozudu. Nəticədə 3-cü qolu buraxdıq.

Bəxtsizlik amili də var. Bəzi zədəlilərimizin olduğunu nəzərə alsaq, yaxşı oynadıq. Rəqibə çətinlik yaşatdıq. Hesabı bilməyən adam bizim qalib gəldiyimizi düşünərdi. 90 dəqiqə yaxşı oyun göstərməyimizdən razı qaldım. Sadəcə, nəticə ədalətsiz oldu. Yaxşı qol imkanları yaratsaq da, istifadə edə bilmədik.

Futbolçularıma dedim ki, başınızı dik tutun. Təbii ki, bütün məsuliyyət mənimdir. Qrupda sonuncu olduğumuz üçün mən günahkaram. Səbrli olmaq lazımdır. Bu cür işləri birdən-birə görmək olmaz. Proses yavaş-yavaş gedir. Gənc futbolçularımız inkişaf etməlidir. Albaniya milli komandası ilə başlayanda da vəziyyət belə idi. Sadəcə, orada futbolçuların çoxu ölkə xaricində çıxış edirdi. Millidə nəticələr yaxşılaşdıqca, oyunçular daha yaxşı klublara keçdilər. Addım-addım irəliləməliyik. Bir neçə futbolçumuzun ölkə xaricinə getməsi bizə xeyirdir. Çempionatda 8 komanda var, onların isə yarısı legionerdir. Uduzmağa nifrət edirəm. Serbiyada bizi ağır matçın gözlədiyini bilirik. Amma oraya yaxşı nəticə üçün gedəcəyik”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.