Pep Guardiola
Pep Guardiola

Baş məşqçilərin ən çox qaçdığı məsələlərdən biri də “dördlü” müdafiə olan sxemlərdə iki solaxay mərkəz müdafiəçisi ilə oyuna çıxmaqdır.

Məsələn, Barcelona`nın Umtiti-Lenglet, Bayern`in Alaba-Hernandez, PSG-nin Kimpembe-Diallo ikilisi oynamağına bir o qədər də şahidlik etməmişik. Amma iki sağaxay stoperlə oynayan komandaları çox görmüşük. Çünki sağaxay stoperlər içində sol ayağından yaxşı istifadə edə bilənlərin sayı yetərincə çoxdur: Van Dijk, Ramos, Maguire, Ruben Dias, T.Silva, Çağlar Söyüncü, Bonucci, Hummels və s. kimi adlarla siyahını uzada bilərik. Amma solaxay müdafiəçilər çox zaman sağ ayaqla bağlı problem yaşayırlar, ona görə də “dördlü” müdafiədə iki solaxay stoperlə oynamaq məsləhət görülmür.

Mövcud məsələ Manchester City`də də var. Komandanın əsas iki stoperi sağaxaydır: Ruben Dias və John Stones. Ehtiyatdaki iki müdafiəçinin işlək ayağı isə soldur: Aymeric Laporte və Nathan Ake.

Pep Guardiola Crystal Palace qarşısında əsas iki stoperinə istirahət verdi. Buna görə həm Laporte, həm də Ake əsas heyətdə yer aldılar. Amma Pep risk almamaq üçün oyuna “üçlü” müdafiə ilə başladı. Təbii ki, Pep`in oyuna “üçlü” müdafiəli sxemlə başlamağının səbəbi həm Laporte, həm də Ake’nin solaxay olmağı idi. Beləcə Fernandinho sağ stoper mövqeyini “doldurduğuna” görə Laporte sol, Ake isə mərkəz stoper mövqeyində çıxış etdi.

(Jabfooty)