Ayxan Abbasov
Ayxan Abbasov

Sumqayıt Azərbaycan Premyer Liqasının XI turunda qarşılaşdığı Qəbələ`dən 1:2 hesablı məğlubiyyət alıb.

ONBİR Sumqayıt`ın baş məşqçisi Ayxan Abbasovun qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransındakı sözlərini apasport.az saytına istinadən təqdim edir:

“Təəssüf ki, ikinci hissədə bir neçə dəqiqəlik diqqətsiz oynadıq, konsentrasiyanı itirdik. Qapımızda da qollar gördük. Ondan sonra nələrisə dəyişməyə, hücuma atılmağa çalışdıq. Bir top vursaq da, bərabərlik əldə edə bilmədik. Üzücüdür, çünki itkilərimiz var idi. Bu matçdan sonra daha da çoxaldı. Ehtiyat qüvvənin az olması, rotasiyalar edə bilməməyimiz bizə çətinlik yaradır.

Qış fasiləsinə qədər 3 oyun var. Futbolçulara da dedim ki, təslim olmaq olmaz. Maksimum güclə oynamaq lazımdır. Futbolçulara da deyirdim ki, bura qalxmaq asandır, burada qalmaq çətindir. Bəzi oyunçular mövsümün əvvəlində formada olmadılar, zədələr oldu. Kollektivi tam komplektləşdirə bilmədik. Bəlkə də, xeyirlisi budur.

Əlimizdə olanlarla maksimum çıxış etməyə çalışırıq. Digər rəqiblər də güclənib. Qəbələ iki il idi nəticə göstərməsə də, təslim olmurdu, yeniliklər axtarırdı. Yeni gələn futbolçular bu gün çempionata rəng qatır. Bu da bir nümunədir. Öz komandamın həmişə arxasındayam. Qalan matçları keçirib, düşünəcəyik. Bir az çətinlik də çəkirəm. Bəlkə də, nəyisə dəyişmək lazımdır. Bəlkə də, vaxtı gəlib, getmək lazımdır. Bu üç oyunu keçirdikdən sonra düşünəcəyəm. Çünki maksimumu elədiyimizi hiss edirəm”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.